18 iyun 2026-cı ildə Avropa İttifaqının maliyyələşdirdiyi və Azərbaycan Respublikası Energetika Nazirliyinin milli koordinatorluğu ilə həyata keçirilən “Merlər Razılaşmasının Azərbaycanda həyata keçirilməsinə dəstək” layihəsi çərçivəsində “SECAP Tədbirlərindən Hazır Layihələrə” mövzusunda II seminar təşkil olunub. Xırdalan bələdiyyəsini toplantıda Beynəlxalq əlaqələr, layihə və investisiya şöbəsinin müdiri İlqar Aslan təmsil edib.
Seminarda Energetika Nazirliyinin, Avropa İttifaqının və Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının nümayəndələri, SECAP sənədləri hazır olan ölkənin 6 bələdiyyəsinin rəhbər şəxsləri, SECAP üzrə məsul əməkdaşlar və layihənin ekspertləri iştirak edib. Tədbir SECAP-larda müəyyən edilmiş mitigasiya və adaptasiya tədbirlərinin maliyyələşdirməyə və investisiyaya hazır layihələrə çevrilməsinə həsr olunub.
Seminar çərçivəsində bələdiyyələr prioritet layihə təşəbbüslərini təqdim ediblər. Yerli özünüidarə təsisatlarının nümyəndələri həmçinin layihə ideyalarının SWOT təhlili, məntiqi çərçivəsinin (LOGFRAME) hazırlanması, fəaliyyət planının formalaşdırılması və büdcələşdirilməsi istiqamətində ekspertlərlə birgə praktiki iş sessiyalarında iştirak ediblər. İştirakçılar seminarın bələdiyyələrin layihə hazırlama potensialının gücləndirilməsi, dayanıqlı enerji və iqlim fəaliyyəti üzrə nəzərdə tutulan tədbirlərin icrasının sürətləndirilməsi, eləcə də maliyyələşdirmə imkanlarına çıxışın dəstəklənməsi baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıblar.